HÜQUQİ DÖVLƏT

"Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır!" HEYDƏR ƏLİYEV

Azərbaycan dövləti hüquqi respublikadır. Yəni məqsədi qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır. Başqa sözlə, dövlətimiz qanunun aliliyi prinsipini mənimsəmişdir. Bu prinsip ədalət anlayışının əsasını meydana gətirir. O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir.

Qanunun aliliyi dövlətin bütün mexanizmlərinin əvvəldən təsbit edilmiş bəzi qanun və qaydalar daxilində işləyəcəyi mənasını verir. Hər dövlət quruluşu konstitusiyanın və digər qanunların təsbit etdiyi hüquq və vəzifələrə malikdir. Heç kimin bu hüquq və vəzifələri aşmaq və dəyişdirmək gücü yoxdur. Hüquq hər şeydən üstündür və dolayısilə, dövlət özbaşına deyil.

Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda, hüquq sisteminin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi konstitusiyanın hüquqi qüvvəsini təsbit etmişdir.

I Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II Azərbaycan Respublikası Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

Hüquqi dövlətdə yaşamaq bütün vətəndaşlar üçün böyük qazancdır. Çünki hüquqi dövlətdə hər kəsin mülkiyyəti, konstitusion hüquq və azadlıqları qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, heç kim işləməyə məcbur edilə bilməz, hüquqlarından məhrum edilə bilməz. Əgər hər hansı bir şəxs bu hüquqlarının pozulduğunu, ədalətsizliyə məruz qaldığını düşünürsə, bu halda, məhkəmə qaydasında pozulmuş hüquqlarını bərpa edə bilər. Azərbaycanda mövcud bütün hüquq mühafizə orqanları başda dövlət ittihamçıları olmaqla, hüquqi dövlətdə hüquqları qorumaq üçün çalışırlar. İstəyən hər kəs hüquqi dövlətin qaydalarına uyğun olaraq ərizə ilə prokurorluqlara müraciət edə bilər və dövlətdən ədalət tələb edə bilər.

Hüququ, yəni qanunları isə millətin seçdiyi nümayəndələrdən ibarət olan Azərbaycan Respublikası Milli Məclisi müəyyən edir. Əgər qanunlarda bir boşluq olarsa, bu halda, qanunlar dəyişdirilir, yeniləri qəbul edilir. Dolayısilə, bu qanunların hər hansı bir şəkildə millətin əleyhinə olması qeyri-mümkündür.

Göründüyü kimi, hüquqi dövlət sistemi bir ölkənin vətəndaşları üçün ən ədalətli, azad və rahat sistemdir. Dolayısilə, hər bir vətəndaş dövlətimizin bu əsas xüsusiyyətinə sahib çıxmalıdır. Əgər hüquqi dövlətin işlərində axsaqlıq meydana gələrsə, hər kəs əlbir olub dövlətə kömək etməli və hüququn üstünlüyü prinsipini qorumağa cəhd göstərməlidir.



Share to Facebook